26
SURE

Şuara Suresi

Əlixan Musayev •
⌄
⌄
00:00 / 00:00
1
Ta. Sin. Mim.
2
Bunlar aydın Kitabın ayələridir.
3
Onların iman gətirmədiyinə görə özünü həlakmı edəcəksən?
4
Biz istəsəydik, göydən onlara elə bir əlamət göndərərik ki, onun önündə başları itaətkarlıqla əyilərdi.
5
Ər-Rəhmandan onlara elə bir ayə gəlməz ki, ondan üz çevirməsinlər.
6
Onlar (ayələri) uydurma saydılar. Məsxərəyə qoyduqlarının xəbəri onlara yetişəcəkdir.
7
Yoxsa, onlar yer üzündə cürbəcür gözəl bitkilər bitirdiyimizi görmürlərmi?
8
Həqiqətən də, bunda bir əlamət vardır. Lakin onların əksəriyyəti mömin olmadı.
9
Bəli, sənin Rəbbin Qüdrətlidir, Mərhəmətlidir.
10
Bir zaman Rəbbin Musaya demişdi: “Get o zalım qövmün –
11
Firon xalqının yanına! Onlar qorxmurlarmı?”
12
(Musa) dedi: “Ey Rəbbim! Qorxuram ki, onlar məni yalançı hesab edələr,
13
(belə olduqda) ürəyim sıxılar, dilim də söz tutmaz. Buna görə Haruna da (vəhy) göndər.
14
Onların məndən əvəzini çıxmaq istədikləri bir günahım da var. Buna görə məni öldürəcəklərindən qorxuram”.
15
(Allah) dedi: “Xeyr, (bu mümkün deyil)! İkiniz də möcüzələrimizlə (onların yanına) gedin! Şübhəsiz ki, Biz də sizinləyik, (hər şeyi) eşidirik.
16
Fironun yanına gedib deyin: “Biz aləmlərin Rəbbinin elçiləriyik!
17
İsrail oğullarını bizimlə birgə burax!”
18
(Firon) dedi: “Biz səni körpə ikən (götürüb saxlayıb) boya-başa çatdırmadıqmı? Sən ömrünün bəzi illərini bizimlə yaşamadınmı?
19
Elədiyin (pis) əməli də elədin. (Doğrudan da,) sən bir nankorsan!”
20
(Musa) dedi: “Mən onu edəndə nadan olmuşam.
21
Mən sizdən qorxduğum üçün yanınızdan qaçıb getdim. Amma sonradan Rəbbim mənə hökmranlıq (peyğəmbərlik) verdi və məni elçilərdən etdi.
22
Başıma qaxdığın o qayğılarınız isə, İsrail oğullarını kölə etmək məqsədi ilə edilirdi”.
23
Firon dedi: “Aləmlərin Rəbbi nədir?”
24
(Musa) dedi: “Əgər yəqinliklə inanırsınızsa, (bilin ki,) O, göylərin, yerin və onların arasında olanların Rəbbidir!”
25
Firon ətrafındakılara dedi: “(Onun nə danışdığını) eşitmirsinizmi?”
26
(Musa) dedi: “O sizin də, ulu babalarınızın da Rəbbidir!”
27
(Firon) dedi: “Sizə göndərilmiş bu elçi, sözsüz ki, dəlidir!”
28
(Musa) dedi: “Əgər anlayırsınızsa, (bilin ki,) O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir!”
29
(Firon) dedi: “Əgər məndən başqasını özünə tanrı qəbul etsən, səni məhbusların yanına ataram!”
30
(Musa) dedi: “Bəs sənə açıq-aşkar bir şey göstərsəm necə?”
31
(Firon) dedi: “Əgər doğru danışanlardansansa, göstər onu!”
32
(Musa) əsasını (yerə) atınca, o dərhal dönüb açıq-aşkar bir ilana çevrildi.
33
Əlini (qoynundan) çıxardan kimi o, baxanların (gözü qabağında) ağappaq (nur saçan bir əl) oldu.
34
(Firon) ətrafındakı zadəganlara dedi: “Həqiqətən də, bu, bilikli bir sehrbazdır!
35
O öz sehri ilə sizi torpağınızdan çıxartmaq istəyir. Nə təklif edirsiniz?”
36
Onlar dedilər: “Onu qardaşı ilə bir qədər gözlət və şəhərlərə (adam) yığanlar göndər ki,
37
bütün bilikli sehrbazları sənin yanına gətirsinlər”.
38
Beləliklə, sehrbazlar bəlli bir günün müəyyən edilmiş vaxtında toplandılar.
39
Camaata deyildi: “Siz də yığışmırsınızmı?
40
Əgər sehrbazlar qalib gəlsələr, ola bilsin ki, biz də onlara tabe olaq”.
41
Sehrbazlar gələn kimi Firona dedilər: “Əgər qalib gəlsək, bizə mükafat veriləcəkmi?”
42
(Firon) dedi: “Bəli! Belə olacağı təqdirdə sizi (özümə) yaxın adamlardan edəcəyəm”.
43
Musa onlara dedi: “Nə atacaqsınızsa, atın!”
44
Onlar iplərini və dəyənəklərini yerə atıb: “Fironun qüdrətinə and olsun ki, biz qalib gələcəyik!”– dedilər.
45
Sonra Musa əsasını atdı və (əsa) onların düzəltdikləri şeyləri uddu.
46
Sehrbazlar səcdəyə qapandılar,
47
və dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə –
48
Musanın və Harunun Rəbbinə!”
49
(Firon) dedi: “Mən sizə izn verməmişdən əvvəl siz ona imanmı gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Tezliklə biləcəksiniz! Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm”.
50
Onlar dedilər: “Zərər yox, biz (onsuz da) öz Rəbbimizə qayıdacağıq.
51
Biz (Firon xalqı arasından) ilk iman gətirənlər olduğumuza görə Rəbbimizdən günahlarımızı bağışlayacağını umuruq”.
52
Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx. Çünki siz təqib olunacaqsınız”(– deyə) vəhy etdik.
53
Firon şəhərlərə (əsgər) toplayanlar göndərdi.
54
(O dedi:) “Bunlar kiçik bir dəstədir.
55
Onlar bizi qəzəbləndirmişlər.
56
Biz hamımız ayıq-sayıq olmalıyıq”.
57
Biz onları (o zalım tayfanı) bağlardan və çeşmələrdən çıxartdıq;
58
xəzinələrdən və gözəl yerlərdən də (qovduq).
59
Beləcə, Biz İsrail oğullarını o yerlərə varis etdik.
60
Günəş üfüqdən qalxarkən (Firon öz)(əsgərləri)(ilə)onları izləməyə başladılar.
61
İki dəstə bir-birini görüncə Musanın səhabələri: “Biz ya­­xalanacağıq!”– dedilər.
62
(Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mənə doğru yol göstərəcəkdir!”
63
Biz Musaya: “Əsanla dənizə vur!”(– deyə) vəhy etdik (Dəniz) dərhal yarıldı, (on iki yol açıldı) və hər biri nəhəng bir dağ kimi oldu.
64
O birilərini də ora yaxınlaşdırdıq.
65
Musa və onunla birlikdə olanların hamısını xilas etdik.
66
O birilərini isə suya qərq etdik.
67
Şübhəsiz ki, bu (hekayətdə) bir ibrət vardır. Lakin onların çoxu iman gətirmədi.
68
Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
69
Onlara İbrahimin əhvalatını da oxu.
70
Bir zaman o, öz atasına və tayfasına: “Nəyə ibadət edirsiniz?”– demişdi.
71
Onlar dedilər: “Biz bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik”.
72
O dedi: “Onlara yalvardığınız zaman sizi eşidirlərmi?
73
Yaxud sizə xeyir və ya zərər verirlərmi?”
74
Onlar dedilər: “Xeyr, amma biz öz atalarımızın belə etdiklərini gördük”.
75
O dedi: “Siz nəyə ibadət etdiyinizi görürsünüzmü –
76
həm siz, həm də ulu babalarınız?
77
Aləmlərin Rəbbindən başqa, onların hamısı mənim düşmənimdir.
78
O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir;
79
O Rəbb ki, məni yedirdir və içirdir;
80
O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir;
81
O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir;
82
O Rəbb ki, Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram.
83
Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur!
84
Sonra gələnlər arasında (həmişə yad)(edilim)(deyə) mənə yaxşı ad qismət elə!
85
Məni Nəim bağının varislərindən et!
86
Atamı bağışla! Çünki o, azanlardandır.
87
Onların dirildiləcəyi gün məni rüsvay etmə!
88
O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək.
89
Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!”
90
Cənnət müttəqilərə yaxınlaşdırılar.
91
Cəhənnəm də azğınlara göstərilər.
92
Onlara deyilər: “Hanı sizin sitayiş etdikləriniz –
93
Allahdan başqa (pənah apardıqlarınız)? Onlar sizə kömək edə bilərlərmi, yaxud özlərinə köməkləri dəyə bilərmi?”
94
Onlar azğınlarla birlikdə oraya (Cəhənnəmə) atılarlar,
95
İblisin bütün əsgərləri də habelə.
96
Onlar orada höcətləşərək deyərlər:
97
“Allaha and olsun ki, biz açıq-aydın azğınlıq içində idik –
98
o vaxt ki, biz sizi aləmlərin Rəbbinə tay tuturduq.
99
Bizi ancaq günahkarlar azdırdı.
100
İndi isə bizim nə şəfaətçilərimiz,
101
nə də (bizə) canıyanan bir dostumuz var!
102
Bir də (dünyaya) qayıda bilsəydik, möminlərdən olardıq!”
103
Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.
104
Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
105
Nuh tayfası da elçiləri yalançı saydı.
106
Qardaşları Nuh onlara o vaxt deyəndə ki: “Məgər qorxmursunuz?
107
Həqiqətən, mən sizin üçün etibar edilməli bir elçiyəm.
108
Allahdan qorxun və mənə itaət edin.
109
Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
110
Allahdan qorxun və mənə itaət edin!”
111
Onlar dedilər: “Sənə ən rəzil adamlar tabe olduğu halda biz sənə inanarıqmı?”
112
(Nuh )dedi: “Mən onların nə etdiklərini bilmirəm!
113
Onların haqq-hesabı yalnız Rəbbimə aiddir. Kaş başa düşəydiniz!
114
Mən iman gətirənləri qovan deyiləm.
115
Mən yalnız açıq-aşkar bir qorxudanam”.
116
Onlar dedilər: “Ey Nuh! Əgər (dəvətinə) son qoymasan, mütləq daşqalaq ediləcəksən”.
117
(Nuh) dedi: “Ey Rəbbim! Qövmüm məni yalançı hesab etdi.
118
Mənimlə onlar arasında qəti hökm ver, məni və mənimlə birlikdə olan möminləri (əzabdan) qurtar!”
119
Biz onu və onunla birlikdə olanları yüklü gəmidə xilas etdik.
120
Yerdə qalanları isə suya qərq etdik.
121
Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.
122
Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
123
Ad tayfası da elçiləri yalançı saydı.
124
Qardaşları Hud o vaxt onlara deyəndə ki: “Məgər qorxmursunuz?
125
Həqiqətən, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm.
126
Allahdan qorxun və mənə itaət edin!
127
Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
128
Əcəba, siz hər təpədə əbəs yerə bir əlamətmi qurursunuz (hündür binalarmı tikirsiniz)?
129
Sanki əbədi qalacaqsınız deyə qalalarmı tikirsiniz?
130
(Bir kəsi) yaxaladığınız zaman qəddar hökmdar kimi yaxalayırsınızmı?
131
Allahdan qorxun və mənə itaət edin!
132
Bildiyiniz nemətləri sizə verəndən qorxun.
133
O sizə heyvanat və oğul-uşaq verdi,
134
(üstəlik) bağlar və çeşmələr də əta etdi.
135
Mən sizə üz verəcək böyük günün əzabından qorxuram”.
136
Onlar dedilər: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün birdir.
137
Bu, yalnız və yalnız əvvəlkilərin adətidir.
138
Biz əzaba düçar olan da deyilik”.
139
Onlar onu yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.
140
Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
141
Səmud tayfası da elçiləri yalançı saydı.
142
Qardaşları Saleh o zaman onlara dedikdə ki: “Məgər qorxmursunuz?
143
Şübhəsiz ki, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm.
144
Allahdan qorxun və mənə itaət edin.
145
Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
146
Məgər siz burada olanların içində sərbəst buraxılacaqsınız?
147
Bağlar və bulaqlar içində,
148
əkinlər və yumşaq meyvəli xurmalıqlar içində (arxayınlıqla qalacaqsınız)?
149
Dağlardan məharətlə evlər yonub düzəldəcəksiniz?
150
Allahdan qorxun və mənə itaət edin!
151
Həddi aşanların əmrinə tabe olmayın.
152
Onlar yer üzündə fəsad törədir və (özlərini günahdan) təmizləmirlər”.
153
Onlar dedilər: “Sən yalnız və yalnız sehrlənmişlərdənsən.
154
Sən də bizim kimi ancaq bir insansan. Əgər doğru danışanlardansansa, bizə bir möcüzə göstər”.
155
(Saleh) dedi: “(Möcüzə) bu dişi dəvədir! Onun da, sizin də müəyyən edilmiş vaxtlarda su içmək haqqınız vardır. (Bir gün o, su içməli, bir gün də siz içməlisiniz).
156
Ona heç bir pislik etməyin, yoxsa böyük günün əzabı sizi yaxalayar”.
157
Onlar dəvənin diz vətərini kəsdilər, sonra da peşman oldular.
158
Əzab onları yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.
159
Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
160
Lut tayfası da elçiləri yalançı saydı.
161
Qardaşları Lut o zaman onlara dedikdə ki: “Məgər qorxmursunuz?
162
Həqiqətən, mən sizin üçün etibar edilməli bir elçiyəm.
163
Allahdan qorxun və mənə itaət edin!
164
Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
165
Doğrudanmı siz insanlar içində ancaq kişilərlə yaxınlıq edir
166
və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz, həqiqətən də, həddi aşan adamlarsınız”.
167
Onlar dedilər: “Ey Lut! Əgər (təbliğatına)son qoymasan, mütləq qovulanlardan olacaqsan!”
168
O dedi: “Mən sizin əməllərinizə nifrət edənlərdənəm.
169
Ey Rəbbim! Məni və ailəmi onların tutduqları işdən xilas et!”
170
Biz onu və onun bütün ailəsini xilas etdik.
171
Geridə qalanlar arasındakı yaşlı qadından başqa.
172
Sonra da o birilərini yerli-dibli yox etdik.
173
Biz onların üstünə (daşlardan) yağış yağdırdıq. Qorxudulanların yağışı nə yaman imiş!
174
Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.
175
Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
176
Əykə əhli də elçiləri təkzib etdi.
177
O zaman ki, Şueyb onlara dedi: “Məgər qorxmursunuz?
178
Şübhəsiz ki, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm.
179
Allahdan qorxun və mənə itaət edin!
180
Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.
181
Ölçüyə tam riayət edin və əksik ölçənlərdən olmayın.
182
Düz tərəzi ilə çəkin.
183
İnsanların əşyalarını əksik verməyin və yer üzündə fəsad yayaraq pis işlər görməyin.
184
Sizi və əvvəlki nəsilləri Yaradandan qorxun!”
185
Onlar dedilər: “Sən yalnız və yalnız sehrlənmişlərdənsən.
186
Sən də bizim kimi ancaq bir insansan. Biz səni yalançılardan (biri )hesab edirik.
187
Əgər, doğru danışanlardansansa, göyün bir parçasını üstümüzə endir”.
188
(Şueyb )dedi: “Rəbbim sizin nələr etdiyinizi daha yaxşı bilir”.
189
Onlar isə onu yalançı saydılar və buna görə də kölgəli günün əzabı onları yaxaladı. Həqiqətən, o, böyük bir günün əzabı idi.
190
Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.
191
Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.
192
Şübhəsiz ki, bu, aləmlərin Rəbbindən nazil edilmişdir.
193
Onu sadiq Ruh (Cəbrail) endirdi –
194
sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan.
195
(Bu Quran) açıq-aydın ərəb dilində (nazil edildi).
196
Şübhəsiz ki, o, keçmiş ümmətlərin kitablarında da xatırlanır.
197
Məgər İsrail oğullarından olan alimlərin onu bilmələri bunlar üçün bir dəlil deyilmi?
198
Əgər Biz onu ərəb olmayanlardan birinə nazil etsəydik,
199
və o, bunu onlara oxusaydı, yenə də ona iman gətirməzdilər.
200
Biz (küfrü )günahkarların qəlbinə belə salarıq.
201
Onlar üzücü əzabı görməyənədək ona inanmazlar.
202
O (əzab) onlara özləri də hiss etmədən qəflətən gələcəkdir.
203
Onlardeyəcəklər: “Bizə möhlət veriləcəkmi?”
204
Yenədəmi əzabımızın tez gəlməsini istəyirlər?
205
Bilirsənmi, əgər onlara illərcə firavanlıq nəsib etsək,
206
sonra vəd olunduqları (əzab) onlara yetişsə,
207
onlara nəsib olmuş firavanlıq (əzabımızı) onlardan dəf edə bilməz.
208
Biz heç bir kəndi onu xəbərdar edənlər olmadan məhv etmədik.
209
(Xəbərdar edənləri də) öyüd-nəsihət vermək üçün (göndərdik). Biz əsla zalım olmamışıq!
210
(Quranı )şeytanlar endirmədi.
211
Onlar buna layiq deyildirlər və (bunu) bacara da bilməzlər.
212
Çünki onlar (vəhyə) qulaq asmaqdan kənar edilmişdilər.
213
Odur ki, Allahla yanaşı başqa bir tanrıya ibadət etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan.
214
Ən yaxın qohumlarını qorxut!
215
Sənə tabe olan möminləri qanadının altına al (onlara qarşı təvazökar ol)!
216
Əgər onlar sənə asi olsalar, de: “Şübhəsiz ki, mən sizin etdiyiniz əməllərdən uzağam!”
217
Qüdrətli və Rəhmli olana təvəkkül et!
218
O, səni (namaza) duranda da görür,
219
səcdə edənlər içində hərəkət edəndə də.
220
Həqiqətən də, O, Eşidəndir, Biləndir!
221
Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi?
222
Onlar hər bir yalançıya və günahkara nazil olarlar.
223
(Şeytanlar vəhydən) eşitdiklərini (kahinlərə) təlqin edirlər. Halbuki onların əksəriyyəti yalançıdır!
224
Şairlərə gəldikdə isə, onlara ancaq azğınlar uyar.
225
Məgər görmürsənmi ki, onlar hər vadidə veyl-veyl gəzir (hər mövzuda şer uydurur)
226
və etmədikləri şeylərə aid söhbət açırlar?
227
Təkcə iman sahibi olub xeyirxah əməllər edən, Allahı tez-tez yada salan və haqsızlığa məruz qaldıqdan sonra (dini) müdafiə edənlərdən başqa. Zalımlar isə qayıdacaqları yeri mütləq biləcəklər.